Albrext Dürer "4 Apostol"
- 16 Tem 2017
- 5 dakikada okunur
Tarixi: 1526
Texnika: taxta üzərində yağlı boya
Saxlanıldığı yer: Köhnə Pinakoteka, Münhen, Almaniya

1525-ci ildə Albrext Dürer son əsəri – “Dörd Apostol” üzərində işə başladı. Bu əsərdə İohan, Pyotr, Mark və Pavel təsvir olunub. əsər rəssamın yaradıcılıq fəaliyyətinin nəticəsi olaraq bu günə qədər gələcək nəsillərə özünəməxsus vəsiyyətnamə kimi qəbul olunur.
Bu günkü tamaşaçıya əsər adi görünsə də, Dürerin müasirləri zamanında çox təəcüblənmişdi. Çünki onlar üç hissəli mehraba (triptixə) alışmışdılar. Yəni mərkəzi kompozisiyanı (məs., çarmıxı) sağdan və soldan apostolların təsviri əhatə edirdi. Lakin Dürer triptix əvəzinə onların mühakiməsinə iki paneldən ibarət sanki yarımçıq əsər təqdim etmişdi. Əsərdə mərkəzi kompozisiyanın olmaması o qədər təəccüb doğurmuşdu ki, uzun müddət sənətşünaslar “Dörd Apostol” rəsmini bitməmiş triptixin sağ və sol qolları hesab edirdilər. Diptixtin yan tərəfləri simmetrikdir, süjetdə təsvir olunan apostollar mərkəzə yönlənib. Süjet xətti ümumilikdə ənənəvi olsa da, tənqidçilər burada protestantizmin izlərini də qeyd edirlər.
Əsər bir-birinə birləşdirilmiş iki ensiz şaquli taxta parçasında yaradılıb. Apostollar bir məkanda təsvir olunub. Onlar bir-biri ilə çox sıx əlaqəli və ruhən bir varlıq təşkil edirlər. Dürerin üslubu bu əsərdə öz bədii zirvəsinə yüksəlib. Apostolları yaradarkən Dürer mükəmməl insanın xasiyyət və dühasını göstərməyə çalışıb. Dörd Apostol”u yalnız reproduksiyalardan tanıyan tamaşaçı onun orijinalını Münhenin Köhnə Pinakotekanın zalında görsə təəccüblənə bilər. Çünki əsər böyük ölçülər təəsuratı yaratsa da, əslində onun real ölçüləri təxmini 2 metr təşkil edir. Yəni, apostollar gerçək boylarında təsvir edilib. Bununla rəssam vurğulamaq istəyirdi ki, əsərin monumentallığını onun ölçüləri ilə deyil, sadəcə mövzunun möhtəşəmliyi və yaxud memari mühitlə ilə deyil, əsasən işin daxili keyfiyyəti təşkil edir.
Dürerin təsvir etdiyi insan fiqurları əzəmətli görünür. Onlar bütün sahəni tam əhatə edir. Sanki çərçivəyə çətinliklə sığdırılmışdı. Maraqlıdır ki, sahəyə bu qədər əhəmiyyət verən rəssam əsərdə ən çox apostolların plaşlarına yer verib. Sahənin ⅔-ni İohan və Pavelin plaşları təşkil edir. Rəssam onları ustalıqla təsvir edib. Sanki plaşların altından insanların əzəmətli vücudu hiss olunur. Parçanın şaquli qatları onların boyunu vizual uzadır. Eyni zamanda rəsmdə böyük qırmızı və ağ plaşların olması tamaşaçının diqqətini simalara yönəltməyə xidmət edir.

İohanın təsviri
Bildiyimiz kimi, əsərdə dörd sima təsvir olunub. Ön planda solda İsanın ən vəfalı və ən gənc şagirdi olan İohan təsvir olunub. Kilsə ənənəsinə görə, iohan dördüncü Evangeliya və Apokalipsisin müəllifidir. O, həm Lüterin, həm də Dürerin ən sevimli apostolu olub. Buna sübut olaraq, 1497-98-ci illərdə yaradılmış məhşur “Apokalipsis” qravürlər silsiləsini göstərmək olar. İohan əlində müəllifi olduğu Evangeliyanı açıq tutub və hətta tamaşaçı orada ilk misranı da oxuya bilər: “Birinci söz olub”. Baxmayaraq ki, İohan çox uzun yaşayıb, onu bir çox əsərlərdə gənc təsvir edirdilər. Dürer də İohanı dörd apostolun ən gənci kimi təqdim edib.Ümumiyyətlə Apostolların sayı da insan ömrünün dörd mərhələsini rəmzi ifadə edir. Bundan başqa, Dürerin dostu və həmkarı xəttat İ.Neyderfer yazırdı ki, apostolların simasında rəssam 4 temperamenti təsvir etmək istəyirdi. Gənc və sakit İohan sanqvinik kimi təsvir olunub.

Pyotrun təsviri
Apostollar arasında birinci olan Pyotr isə əsərdə başını yana əyib, simasında yorğunluq sezilir, qocalığı və fleqmatizmi təcəssüm edirdi.

Pavelin təsviri
Nəhayət, dördüncü Apostol Pavel ağır şübhəçi baxışları ilə sanki rəsm əsərinin müstəvisini deşərək birbaşa tamaşaçı ilə göz təması qurmağa çalışır. Pavel ilə göz-gözə gələn tamaşaçı anlayır ki, onun üçün hər-hansı fərqli fikirli və yaxud fərqli inamlı olan adam yalançı peyğəmbərdir və ölümə məhkumdur
Diptixin sağ tərəfində Pavelin fiquru dominantlıq təşkil edir. Pavel İsa Peyğəmbəri tanımayıb və onun 12 apostollar cərgəsinə daxil deyil. Lakin xristian kilsəsinin bərpası yolunda gördüyü işlərə görə Paveli də apostol kimi tanıyırlar. Protestantlar Paveli xüsusi qeyd edirdilər və onu Reformasiyanın (İslahatlar) apostolu adlandırdılar. Əlində qılıncı və İncili tutan şübhəçivə zülmkar Pavel melanxolik temperamenti ifadə edir. Temperamentlər səma cisimlərinin təsirinə məruz qalırdı və insanın müxtəlif məşğuliyyətlərə məyilliliyini təsvir edirdi.
Dürerin bu əsərində hətta temperamentlərin ierarxiyasını (yüksəlişini) işləmək mümkündür. Hər lövhədə fiqurlardan biri ön plana keçib və rənglərlə qabardılıb. Sol lövhədə yaşıl paltarlı və sarı astarlı qırmızı plaş geymiş İohan, sağ lövhədə isə soyuq ağ-mavi tonlu plaş geyinmiş Pavel təsvir olunmuşdur. Bu ikili ən xoşbəxt temperamenti – sanqvinik və melanxoliki təsvir edir (Dürer və onun müasirlərinin dövründə dahi insanların temperamenti hesab olunurdu). Roma papalarının öz himayədarı hesab etdikləri apostol Pyotr isə rəsmdə arxa planda təsvir olunub.
Əslinsə simmetrik olan bu iki kompozisiya əhval-ruhiyəyə görə bir-birindən fərqlidir. İohan və Pavelin diqqəti əllərində tutduqları açıq kitab yönəldiblər. Onların gözləri görünmür və onlar da sanki ətrafı görmürlər. Gənc oğlan və ixtiyar qocanın fikri tamamən kitabda olduğundan onlar ətraf mühitdən sanki xəbərsizdir. Onlar filosofdu, yazıçıdı, alimdi. Onların reallığı böyük hərflə yazılmış “Söz”dü. Kitab burada hərəkət etmək üçün rəhbərlik deyil, müdriklik mənbəyi kimi təsvir olunub.

Markın təsviri
Pyotra simmetrik təsvir olunan evangeliyaçı Mark sənətşünaslara xeyli başağrısı yaradıb. Çünki apostollardan fərqli olaraq Mark sadəcə hadisələrin şahidi və Evangeliyalardan birinin müəllifi olub. Yəni Mark apostol olmayıb. Bəs onda niyə Dürer əsərini “Dörd Apostol” adlandırıb?. Əsərdə Mark əlində evangelistlərin ənənəvi atributu olan bükülmüş kağız var. Onun canlanmış siması, bərəlmiş gözləri və şiddətli üz ifadəsi tipik xolerik olmasından xəbər verir. Mark da, Pavel kimi, insanın orta yaşını təcəssüm edir.
Kitabını qayğı ilə əlində tutan İohandan fərqli olaraq Mark əlindəki kağızı mexaniki tutub. Onun diqqəti əlindəki kağıza deyil, İncilə deyil, Pavelə yönəlib. Sanki Başçısından hər an gələ bilən hərəkət əmri və ya başqa tapşırığın ola biləcəyini gözləyir. Markın gözlərində şübhəyə yer olmayan fanatikin alovi var sanki. Onun üçün artıq sözlər heç bir məna ifadə etmir. Mark sözlərdən axan hərəkətlərə hazırlaşıb.
Çox guman ki, Dürer bilərəkdən əsərinə bu qədər dərin dini və fəlsəfi məna yükləməyib. Lakin “Dörd Apostol” əsərinin möhtəşəmliyi və dərinliyi ilə ifadə olunan mürəkkəbliyi şübhə doğurmur.
Dürer əsərin yalnız möhtəşəmliyini deyil, həm də onun dini-fəlsəfi fikrini tamaşaçıya çatdırmaq istəyirdi. Rəssama rəsm kifayət etmədiyindən, o, hər ki lövhənin aşağı hissəsinə yazılar əlavə etdi. Öz həmvətəndaşlarına Dürer velə bir nəsihət verdi: “Belə bir təhlükəli zamanlarda qoy dünyəvi hökmdarlar insanın dediyi sözü Tanrı kəlamı olaraq qəbul etməsin”. Öz fikrini qüvvətləndirmək üçün rəssam İncildən İsa peyğəmbərin şagirdlərinin kəlamlarından sitat gətirdi. Maraqlıdır ki, sitatlar İncilin 1522-ci ildə Lüter alman dilinə tərcümə olunmuş nəşrindən götürülmüşdür. Dürerin yaxın dostu xəttat İ.Noydörfer qotik şriftindən istifadə edərək bu kəlamları lövhələrin aşağı hissəsinə yazmışdı.
1526-cı ilin payızında A. Dürer hər iki lövhəni Nürnberq şəhər şurasına bu sözlərlə təqdim etdi: “bu əsərə mən bütün əsərlərimə sərf etdiyimdən daha çox əmək sərf etmişəm”.
Lakin 1627-ci ildə Bavariya kurfürstu (hökmdarı) I Maksimilyan təhtidlərlə və şantajla Nürnberqliləri əsəri ona verməyə məcbu edib. Baxmayaraq ki kurfürst Dürerin çox böyük pərəstişkarı idi, diptixin aşağı hissəsindəki yazıları “kafir və təhqiredici” adlandıraraq katolisizmə zidd olduğundan o hissəni kəsdirmişdi. Yalnız bundan sonra əsər Nürnberqə qaytarıldı. İlkin versiyasına əsər yalnız 1922-ci ildə qovuşdu.
“Dörd Apostol” əsəri bu gün də sənətşünaslar arasında böyük mübahisələrə səbəb olur. Bəlli deyil , bu əsər triptixin bir fraqmentidir yoxsa müstəqil bitmiş bir əsərdir. Ayrı-ayrılıqda bu lövhələr bitməmiş, yarımçıq təsiri bağışlayır. Məhz bu səbəbdən XIX əsr alman sənətşünası Anton Şpringer belə bir mülahizə irəli sürüb ki, iki lövhənin arasında çarmıxın təsviri olmalı idi. Lakin burada bir əngəl yaranır: sol lövhədə olan apostol İohan artıq təsvir olunub. İkoqrafiya kanonlarına görə isə bu apostol mütləq xaçın yanında da təsvir olunmalıdır ki, onu iki dəfə təsvir etmək olmaz.
Fərz etsək ki, mərkəzdə Madonna olmalıdır, bu mülahizədə dörd apostol protestant ruhuna zidd gəlir.
Əsər günümüzə qədər yaxşı vəziyyətdə gəlib çatmayıb. Bir çox yerlərdə düzəlişlərin izi qalıb. O düzəlişlərdən birini Albrext Dürer özü edib. Münhen Pinakotekasının əməkdaşı Foll qeyd edir ki, Dürerin bir sıra çalışmalarından sonra öncədən nəzərdə tutulan apostol Filipin fiquru Pavel ilə əvəz olunub. Pavelin alnının ön hissəsi və burnunun ucu rəssam tərəfindən daha sonra yenidən işlənib.

Yorumlar