Rembrandt Harmens van Reyn “Danaya”
- 15 Tem 2017
- 4 dakikada okunur
Tarixi: 1636
Texnika: Kətan üzərində yağlı boya.
Saxlanıldığı yer: Dövlət Ermitajı, Sankt-Peterburq

Yunanıstanda Arqos adlı şəhər vardı. Yunanların o şəhərin çarı Akrisinin qızı haqqında əsatiri var. Deyirdilər ki, Akrisiyə öz nəvəsi tərəfindən öldürüləcəyi əvvəlcədən söylənmişdi. Bu səbəbdən də, Akrisiy, çox düşünmədən, qızı Danayanı qalaya həbs etmişdi. Lakin Danayaya Zevs aşiq olur ,qızıl yağışa çevrilərək onun yanına girə bilir. Danayanın Zevsdən Persey adlı oğlu olur. Akrisiy bunu öyrəndikdə qızını nəvəsi ilə birlikdə çəlləyə qoyub dənizə atmağı tapşırmışdı. Lakin çəllək sahilə yan almışdı və beləliklə Danaya oğlu ilə qurtulmuşdu. İllər sonra oyunlar zamanı Persey diski atarkən təsadüfən tamaşaçılar arasında oturan babası çar Akresiyə dəyir. Çar ölür və beləliklə peyğəmbərlik öz təsdiqini tapır.
Bu rəvayətin bir məqamı bir çox rəssam tərəfindən geniş işıqlanıb. Bu da Zevsin qızıl yağışa çevrilərək Danayanın otağına girməsi. Tənqidçilər bunu sıradan bir mövzu hesab edir, yəni pulla satılan sevgi. Danayanın Zevslə görüşmə səhnəsini bütün rəssamlar, demək olar ki, eyni cür təsvir edib. Yataqda uzanan Danaya, onun yanında əlində qızıl üçün nəzərdə tutulan kisə ilə duran qoca qulluqçu, Amur (məhəbbətl ilahəsinin oğlu) və Zevsi təcəssüm edən qızıl yağış. “Danaya”nı Korredjo, Tisian, Qossard, Klimpt kimi dahi rəssamlar çəkib. Lakin Rembrandtın bu əsəri sənətşünaslar arasında daha çox mübahisə doğurur.
Antik mifologiya süjetləri Rembrandtı bir neçə əsərin yaranmasına ilhamlandırıb. Bu əsərlərdə rəssamın təxəyyül gücü böyük azadlıqla zirvəyə yüksəlib. Bu zirvədə yerləşən əsər isə, böyük əksəriyyətinin etiraf etdiyi kimi, rəssamın bütün yaradıcılığı boyu onu müşayiət edən insanlığın və poeziyanın çox gözəl vəhdəti olan “Danaya” olub.
1656-cı ildə Rembrandt müflis olduqdan sonra onun bütün əmlakı, o cümlədən də rəsm əsərləri, müsadirə olunur. Əsərlər Rembrandtın iştirakı ilə siyahıya alınırdı və o zaman müəllif özü bu əsərin “Danaya” olduğunu təsdiqlədi. Əgər belə olmasaydı, sənətşünaslar çoxdan əsərin adını dəyşdirmişdilər. Çünki süjet xətti əsatirə uyğun gəlmir.
Rembrandtın “Danaya” əsərində qızıl yağış yoxdu, Amur nədənsə ağlayır, qızın baxışı isə qeyri-müəyyən istiqmətdə sanki önündəki pərdənin arxasına yönəlib.
Yataqda uzanmış çox güman hamilə qadın sağ əlini qətiyyətsiz şəkildə pərdəyə tərəf uzadıb, həyacanla kimisə gözləyir. Mütəxəssislər hələ də mübahisə edirlər ki, nədən Rembrandt əsrəi belə çəkib, niyə əlləri bağlı Amur ağlayır.
Daha bir maraqlı məqam Danaya üçün modellik edən qadındır. Rembrandtın əsas ilham pərisi hər zaman həyat yoldaşı Saksiya olub. O dövrə aid bir çox Rembrandt əsərlərində rəssam məhz Saksiyanı çəkir. Lakin Danayanın üzü ona oxşamır. Bu məsələyə XX əsrin ortalarında aparılmış rentgen müayinəsi nəticəsində aydınlıq gətirildi. Əsərin ilk variantı ortaya çıxdı. 1636-cı ildə rəsm əsəri başqa idi. Qadın və o zaman rəsmin mərkəzinə daha yaxın yerləşən qulluqçu yuxarı, yağan qızıl yağışına baxırdılar. Danaya Zevs ilə vidalaşırdı və onun əli biləkdən aşağı yönəlmişdir – bu, vidalaşmaq işarəsi idi. Danayanın üzü də başqa idi, daha çox Rembrandtın birinci arvadı Saksiyaya bənzəyirdi. O rəsm əsatirin ruhuna daha yaxın idi. Lakin elə o variantda da Amur ağlayan və əli bağlı təsvir olunmuşdu. O bilirdi ki, Zevs həmişəlik gedir, Danaya yalnız qalacaq. Rembrandt bununla xoşbəxtliyin ötəri olduğunu vurğulayırdı. Çünki özü də bunu yaşamışdır. 1642-ci ildə Saksiyanın ölümü bunu təsdiqləyir. O zamandan bəri ta rəssamın ölümünə qədər artıq heç nə Rembrandtın həyatında rəvan getmədi.
1647-ci ildə Rembrandt əsəri yenidən işləmək qərarına gəldi. Bunə nəyin səbəb olduğu bəlli deyil, amma əsərdəki süjet xətti xeyli dəyişdirildi. Bəlkə də buna səbəb rəssamın ikinci arvadı oldu. Rembrandt Danayanın üz çizgilərini yenidən elə işləmişdi ki, rəsmdəki Danaya rəssamın həyatında mühüm yer tutan hər iki qadının çizgilərini özündə cəmləşdirə bildi. Bu da məlumdur ki, “Danaya”nı şagirdlərini bu əsərə yaxın buraxmayaraq rəssam həmişə özü işləyib.
Əsərin son variantında kətanın ortasında otağa düşən gün işığı ilə işıqlandırılmış yataqda çılpaq qadın uzanıb. Onun üz ifadəsi yuxudan yeni oyandığından xəbər verir. Qadın sağ əlini işığın gəldiyi tərəfə uzadıb, sanki o işığın ilıq şüalarını barmaqları ilə hiss etmək istəyir. Onun məsum baxışı da işığın gəldiyi tərəfə yönəlib. Dağılmış saçları, əzilmiş yastıq qadının elə bil bir neçə dəqiqə bundan əvvəl şirin yuxudan oyandığından xəbər verir.
Gənc qadının çıplaq vücudu yumşaq konturlarla işlənib, işıq və kölgə bir-birini ahənglə gözü yormadan əvəz edir. Bu işıq sanki qadını tumarlayır, onu yumşaq şəffaf kölgələrlə əhatə edir və özünə məxsus məkan yaradır. Əsər rəsm olmaqdan çıxır və daha çox dialoqu xatıraldır. Çünki Danayanın hər bir mimkası, jesti, hərəkəti rəsmdə görünməyən , amma orada mütləq peyda olacağı birinə ünvanlanıb.
Qadının fiqurunda onun müdafiəsizliyi və yumşaqlığı sezilir. Bu günkü gözəllik Kanonlarına uymasa da, o, zərifliyin və gözəlliyin simvolu hesab olunur.
Danayanın qolları bilərziklərlə bəzənib, sol əlinin adsız barmağında üzük var. Ön planda yatağın yanında səliqəsiz qalmış ayaqqabılar. Bəzi mütəxəssilər soyunmuş ayaqqabıları qadının itaətkarlığının təcəssüm etdiyini qeyd edirlər. Başqa bir fərziyəyə görə isə, ayaqqabılar yuva, opcaq mənası daşıyır.
Bütün bunlar obrazda bir yaxınlıq hissi yaradır ki, bu da Rembrandtın “Danaya”sını Tisianın, Corconenin və başqalarının klassik qadın obrazlarından fərqləndirir.
Bu əsər sanki zəfər çalan məhəbbətə ithaf olunmuş bir himndir. Xoşbəxtlik Danayanın otağına daxil olur və onun tənhalıqda keçirdiyi illərdən xatirə qalan yeganə detal – yatağının başında ağlayan Amur olur.
Rembrandtın bütün əmlakı müsadirə olunub satıldıqdan sonra “Danaya”nın izi itir. Yalnız XVIII əsrdə onun məhşur fransız kolleksiyaçı Pyer Krozada olduğu məlum olur. 1740-cı ildə onun ölümündən sonra ailəsinə miras qalmış kolleksiyanın çox hissəsi satışa çıxarılmışdı. O zaman Rusiya İmperatriçası olan II Yekaterina tərəfindən Ermitaj üçün rəsm əsərləri axtarılırdı. 1772-ci ildə Ermitaj üçün alınmış bir neçə məhşur əsər içərisində Rembrandtın “Danaya”sı da oldu.

1985-ci ildə əsər Ermitajda sərgiləndiyi zaman ziyarətçilərdən biri onun üzərinə turşu töküb, sonra da kətanı iki dəfə bıçaqla kəsərək rəsmi məhv etmişdi. Mütəxəssirlər əsərin 30%-nin tamamilə məhv olduğunu etiraf edirdilər. Uzun illər restavrasiya işləri aparıldı və nəhayət, 1997-ci ildə əsərin bərpası başa çatdı və tamaşaçıların mühakiməsinə verildi.

Yorumlar