Vasili Surikov "Oxatanların edam səhəri"
- 12 Tem 2017
- 3 dakikada okunur
Tarixi: 1881
Texnika: kətan üzərində yağlı boya
Saxlanıldığı yer: Tretyakov qalereyası, Moskva, Rusiya

Bu əsər rəssamın Rus tarixi mövzusunda ilk böyük işi idi. Rəssam I Pyotr dövrünün hadisələrinə müraciət etmişdir. O vaxt çariça Sofyanın başçılıq etdiyi Strelets qiyamı yatırılmış, streletslər (atıcılar) isə edam olunmuşdu.
Rəssam işə 1878-ci ildə başladı. 1881-ci ildə isə tamamladı. Lakin bu şedevrin yaranma ideyası daha əvvələ aiddir. Bu fikir rəssamda günün günorta çağı yanan şamı gördükdən sonra yarandı. O mənzərə surikov üçün faciə və hüzün işarəsi oldu.
Əsərin əsas sujet xəttini I Pyotrla kürən oxatanın nifrətli baxışması təşkil edir.


Oxatanın baxışlarında peşmançılıq yoxdur. O öz taleyi ilə barışmayıb. Onun əlində tutduğu şamın alovu belə sanki üsyan edir. Pyotrun baxışı nifrət və qəzəblə doludur. O uşaqlıq xatirələrini unutmayıb və onların qisasını alır. Pyotr uşaqkən oxatanlar onun gözləri önündə bütün qohumlarını qəddarcasına qətl etdilər. Və budur... Cəza zamanı gəldi. Biz edamı deyil ondan öncəki son dəqiqələri görürük. Düzdür Surikov bir dəfə edamın özünü təsvir etmək istəmişdi. Bu Repinin onlara qonaq gəlməyindən sonra baş verdi. Rəssamın xatirələrindən: “Repin soruşdu: bu nədi? Əsərdə bir nəfər də edam olunmuş yoxdur. Bax burda arxada dar ağacından asardınız. O çıxıb gedəndən sonra mən bunu təsvir etmək istədim. Bilirdim ki, olmaz. Amma yenə də istədim. Elə ordaca təbaşirlə bir asılmışın fiqurunu çəkdim. Elə bu an otağa dayə girdi və çəkdiyimi görüb özündən getdi.” Həmin gün Pyotr Tretyakov da qonaq gəldi: “bu nədir, əsəri korlamaq istəyirsiniz” beləliklə Surikov tamaşaçını “qorxutmaq” fikrindən əl çəkdi.
Anın dəqiq faciəsini rəsmin tünd koloriti daha da qabarıq şəkildə ifadə edir. Rəssam edamın təsviri üçün zamanı xüsusilə seçib-yağışlı payız gecəsindən sonrakı səhər, hava yenicə işıqlanıb, və meydanın üzərindəki soyuq səhər dumanı tam dağılmayıb. Bu əsərdə Surikov Vasiliy Blajenniy məbədini, Kreml divarını və “Lobnoye mesto” adlandırılan tikilinin arasında olan məsafəni azaldıb. Beləliklə o, cəmi bir neçə personajı təsvir etməklə, böyük xalq kütləsinin hərəkəti effektini təmin etdi. Əsərin memarlıq fonu da böyük əhəmiyyət kəsb edir. Vasiliy Blajenniy soborunun qüllələri oxatanların fiqurlarına, Kreml qülləsi isə at üzərində oturan I Pyotra uyğundur. İlk baxışdan rəsmdə təsvir olunanlarndan hansıların məhkum hansıların sadə insanlar, hansıların əsgər olduqlarını ayırd etmək mümkün deyil. Yalnız diqqətli təhlildən sonra görmək olar ki, oxatanların hamısı ağ geyimdədir və əllərində şam tutur. Onların gözlərində peşmançılıq hissi yoxdur. Kompozisiyanın mərkəzində oxatanlar və onların yaxınları təsvir olunub.
Burada zəngin geyimdə olan, əlləri çarəsizlik ifadə edən gənc qadın və onu qucaqlayan 5 yaşlı oğlan uşağı təsvir olunub. Əsərin sol tərəfində yerdə sanki dizlərinin bağı açılmış və yerə yıxılmış bir vəziyyətdə bütüb görünüşü ilə gücsüzlüyü ifadə edən yaşlı qadın təsviri var. Onun yanında başında qırmızı rəngli yaylıq olan qız uşağı sanki nəyəsə etiraz etmək istəyir. Başqa bir qadın yerdə oturub əlləri ilə üzünü tutur.

Edamı izləmək üçün müxtəlif sosial təbəqələrə aid insanlar gəldi. Qadınlar ağlayır. Hətta onlardan biri əhv yalvarışı ilə müraciət edir. Lakin Pyotr qətiyyətlidir. Onların simasında biz kədər, peşmançılıq, hüzün görürük.ümumiyyətlə əsər müxtəlif emosiyalarla zəngindir: qəzəb, kədər, nifrət. Hətta biganəlik belə görmək olar.
Sağda biz keşişi görürük. Onun keşişə xas olmayan qəzəbli baxışları təəccüb doğurur. O məhkum olunmuşları son yola göndərməlidir. Lakin bu Pyotrun əmridir, yoxsa özü oxatanları qınayır, bu məlum deyil. Keşişin yanında əsgərlər dayanıb. Onların simasında biganəlik və Pyotr qarşısında tam itaət sezilir. Bütün bu emosialar spektri göstərir ki, insan həyatı nə qədər ucuz ola bilər. Kimsə başqasının ölümünə sevinir, kimsə isə biganədir. Və yalnız oxatanların qohumları və yaxınları kədərlidir.
Pyotrun baxışı yalnız onun qanun olduğunu göstərir. Ən dürüst və ən amansız... ona sözsüz itaət etmək lazımdır. Və bu itaətdən çıxanların necə cəzalandırıldığını öbiz rəsmdən görürük. Ümumilikdə əsər çoxmənalı hisslər yaradır. Pyotrun qarşısında qətiyyətinə görə hörmət hissi, ölüm qarşısında dəhşət hissi. Oxatanların qarşısında isə hətta edama gedərkən əqidələrindən əl çəkmədikləri üçün hörmət hissi. Ümumilikdə əsər çox mürəkkəb və maraqlıdır.
Yorumlar